Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell-in bəyənatına münasibət
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell-in 26 aprel 2023-cü il tarixində Twitter hesabında yayımladığı mesajda Azərbaycanın Laçın dəhlizində birtərəfli qaydada nəzarət-buraxılış məntəqəsi yaratmasının Aİ-nin gərginliyin azaldılması və məsələlərin dialoq yolu ilə həlli çağırışlarına zidd olduğu bildirilmişdir. Bəyənatın birtərəfli olduğu, reallıqları əks etdirmədiyi və təhrif olunmuş məlumatlara əsaslandığını göstərərək Azərbaycan ərazisində "Laçın dəhlizi" adlı hər hansı obyektin olmadığını bildirərək, Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi yolunda ölkəmizin nəzarət- buraxılış məntəqəsi qurmasının tam qanuni olduğu vurğulamaq istəyirəm. Xatırlatmaq istəyirəm ki, məhz adıçəkilən yolun Azərbaycan ərazisinə qanunsuz silah-sursat, habelə mina daşınması üçün Ermənistan tərəfindən istifadə olunması, qeyri-qanuni erməni silahlı birləşmələrinin rotasiyası məqsədi ilə istismarı gərginliyin artmasına əsas səbəb olduğu aydın bilindiyi halda Avropa İttifaqının bu qədər yüksək vəzifəli məmurunun narahatlığı anlaşılan deyil. Digər tərəfdən Azərbaycan öz ərazisində mülki əhalisinin tələfatına səbəb olan bütün faktorların aradan qaldırılması hüququna malikdir. Elə bu prizmadan yanaşıldıqda atılmış bu addımın Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində yaşayan erməni əsilli şəxslərin də hüquq və azadlıqlarının qorunması üçün müstəsna əhəmiyyət kəsb etdiyini tam şəffaflığı ilə görmək mümkündür.
Baxılıb: 257 dəfə